Bu gün Bakı Apelyasiya Məhkəməsində qadını tamah məqsədilə öldürməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətlər olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirildiyi müəyyən edilib və onlar tutulublar.
Vüsal İsayev və Şəmsi Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı təhvil veriblər.
Məlum olub ki, qonşusu Vüsal İsayev və Şəmsi Məhərrəmov Nelli Sultanovanı stəkanla qətlə yetirib. Vüsal İsayev stolun üstündəki stəkanı götürərək Nelli Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal İsayev 20 il və Şəmsi Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayətləri veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, daha sonra isə apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.
Proses noyabrın 15-nə təyin edilib.
Hacı Zeynalov