10 Noyabr 2016 12:16
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və oğurluqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayev və Musa Camalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Babək Atamalıyev 19 il, digər təqirləndirilənlər - Musa Cavadlı 2 il 11 ay, Hüseynağa Ağayev isə 3 il 5 ay azadlıqdan məhrum ediliblər. Musa Cavadlı və Hüseynağa Ağayev məhkəmə zalında həbs olunublar.

Bundan əvvəlki prosesdə çıxış edən prokuror Babək Atamalıyevin 20 il, Hüseynağa Ağayev və Musa Camalovun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qətl hadisəsi bu il martın 22-də gecə saat 1 radələrində baş verib.
27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayonda qətlə yetirilib. Fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxanda ona 3 nəfər yaxınlaşıb və siqaret istəyib. Namiq Məmmədovun onlara siqaret vermək istəməməsi mübahisə doğurub. Beləliklə, mərhumu təqib edən sərxoşlar həyətə girənə qədər onu söyüb təhqir ediblər.


Təhqirlərdən bezən Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb.

Siqaret arzusunda olan şəxslərdən biri -1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Qonşular qatilin arxasıyca düşsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.

Namiq aldığı ağır bıçaq zərbəsindən bir neçə dəqiqə sonra anasının qucağında keçinib.

Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar. Bildirilir ki, qatil “ölüm işi hara, dükan yarmaq hara? 1-2 il yatıb çıxarıq” düşüncəsiylə bu yola əl atıb.

Polis bölməsinə oğurluq ittihamı ilə aparılan həmin şəxslər qətlə şahidlik etmiş 4 qonşu tərəfindən tanınıblar.

Hacı Zeynalov


Müəllif: