30 Noyabr 2016 09:06
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Suriya ərzisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 13-nə təyin edilib.

Zöhrab Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs edilib.

Müəyyən edilib ki, Zöhrab Məmmədov və digər şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər.

Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər.

Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Zöhrab Məmmədov Suriya ərazisindəki “Mühacir Ansar” adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər