Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə prokurorluğun təqdimatı əsasında Faiq Əmirlinin həbs müddətini daha 2 ay uzadıb.
Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Sonuncu dəfə Faiq Əmirli barəsində seçilən həbs-qətimkan tədbiri 2017-ci ilin yanvarın 12-nə kimi uzadılmışdı.
Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov