Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində tanınan Zakir Bədəlov ifadə verib.
O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır, 1986-cı ildə Nazilə Ramazanova ilə ailə həyatı qurub, onların Tamara Bədəlova adlı bir qızları var: “Qohumum, Gürcüstan Respublikasının vətəndaşı Zakir Mustafayev ilə münasibətlərim hər zaman yaxşı olub, hər hansı ədavətim, düşmənçilik münasibətlərim olmayıb. 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikmişəm, evin 3-cü mərtəbəsində ailəm ilə birlikdə yaşamışam. 1-ci və 2-ci mərtəbələrində isə kafe işlətmişəm. Həmin ildə qohumum Zakir Mustafayev evimə qonaq gələrkən evimin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyimin səbəbini soruşdu. Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanımın olmadığını dedim. O, isə mənə maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alaraq mənə verəcəyini bildirdi”.
Zərərçəkmişin sözlərinə görə, 20 may 2006-cı il tarixdə arvadı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstandakı evinə gedib: “Həmin gün Zakir Mustafayev 60.000 ABŞ dolları pulu mənə borc verdi. Mayın 21-də isə Azərbaycana qayıtdım. Zakir Mustafayevdən aldığım 60.000 ABŞ dolları məbləğində pula işlətdiyim kafe üçün inventar alsam da, həmin pul məni qane etmədi. Zakir Mustafayev bir daha mənə zəng edərək vəziyyət barədə maraqlandı. Zakir Mustafayevə borc verdiyi pulun məni təmin etmədiyini dedim. Zakir Mustafayev 30.000 ABŞ dolları da verəcəyini bildirdi. Buna görə iyunun 27-də Qırmızı Körpü adlı gömrük postuna tərəf gedərək Paşa İsmayılov ilə görüşdüm, sonuncu postu keçərək Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dolları pulu mənə verdi. Həmin pul vasitəsi ilə də işlətdiyim kafe üçün avadanlıq aldım”.
Zakir Bədəlov qeyd edib ki, sentyabrın 1-də Zakir Mustafayev onun Bakı şəhərindəki yaşadığı evə gəlib və işləri ilə maraqlanıb: “Mən isə yenə də maddi cəhətdən çətinliyimin olduğunu bildirdim. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu dedi və həmin pulu mənə borc verdi. Zakir Mustafayevə olan borcumun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirdim”.
Zərərçəkimiş qeyd edib ki, Zakir Mustafayev Bakıxanov qəsəbəsindəki evini söküb və yeni ev tikdiyini deyib: “Zakir sonra ona 150.000 ABŞ dolları məbləğində köməklik göstərməyimi istəyib. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməsini istəyib”.
Zərərçəkmiş bildirib ki, 2007-ci ilin aprel-may aylarında yaşadığı evi girov qoyaraq “Azərbaycan Kredit Bank”dan 200.000 ABŞ dolları məbləğində kredit götürüb, həmin puldan 125.0000 ABŞ dollarını Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verib: “Daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğumu bildirib. Mən isə Abdul Həbibova etirazımı bildirək borcumu artıqlaması ilə qaytardığımı bildirdim”.
Zakir Bədəlov qeyd edib ki, 2008-ci ildə Abdul Həbibov bir daha onun yanına gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu deyib: “Buna etiraz etdikdə, Abdul Həbibov dedi ki, əgər ailəsinin sağ qalmasını istəyirsən və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsənsə, tələb edilən pulu verməlisən. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev mənə zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırdı. Mən isə Zakir Mustafayevlə görüşməyə qohumum Vaqif İsmayılovla birlikdə getdim və qohumumdan başqa avtomaşında oturaraq məni izləməsini xahiş etdim. Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olarkən, ona yaxınlaşdım. Zakir Mustafayev məndən avtomaşına əyləşməyimi tələb etdi. Mən isə buna etiraz etdik də, Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutdu və məndən avtomaşına oturmağımı tələb etdi. Avtomaşına oturduqdan sonra Zakir Mustafayevə məni uşaq oyuncağı ilə aldatmadığını dedi. O, tapançasını mənə göstərdi, tapança ilə məni öldürəcəyi ilə hədələdi və pul tələb etdi. Mən isə Zakir Mustafayevdən möhlət istədim, pulunu qaytaracağımı bildirdirdim”.
Zakir Bədəlovun sözlərinə görə, 2008-ci ilin iyun-avqust aylarında yenə də “Azərbaycan Kredit Bank”a kredit götürmək üçün müraciət edib: “Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürdüm. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditimi bağladıqdan sonra əlimdə 158.000 ABŞ dolları məbləğində pul qaldı. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün və ya kiminsə götürəcəyini soruşdum. Zakir Mustafayev isə "pulu Abdul Həbibova ver" dedi”.
Zakir Bədəlov qeyd edib ki, 28 avqust 2008-ci il tarixdə Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib: “Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə və adlarını bilmədiyim başqa şəxlərlə birlikdə kafemə gələrək Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğumu bildirdi. Mən bundan imtina etdim. Bu söhbət zamanı işlətdiyim kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışım Elxan Əliyev də yanımızda olub. Söhbət zamanı Elxan Əliyevdən söhbətə qoşulmasını istəsəm də, sonuncu imtina edərək oradan ayrılıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev onu MTN-nin Səlim adlı əməkdaşı axtardığını deyib: “Səlim adlı şəxsin mobil telefon nömrəsini mənə verdi. Bundan sonra Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxladım, Səlimlə birlikdə MTN-ə Akif Çovdarovun otağına daxil oldum. Akif Çovdarov məndən Zakir Musatafayevə 200.000 ABŞ dolları borclu olduğumu, əgər həmin məbləğdə pulu qaytarmasa məni əcnəbi kimi qeydiyyata aldıraraq Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə məni həbs edəcəklərini bildirdi. Mən də Akif Çovdarovla razılaşdım. Buna görə Akif Çovdarov mənim şəxsiyyət vəsiqəmi alsa da, Sabunçu rayon Polis İdarəsinə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. Bu barədə Səlim adlı şəxsə bildirməyim üçün qonşum Tofiq Əliyevə dedim. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edildi və ölkə xaricinə çıxışıma qadağa qoyuldu. Ölkə prezidentinə etdiyim müraciətdən sonra şəxsiyyət vəsiqəmi bərpa edə bildim. Daha sonra Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun məndən 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsəm də, iddiam təmin edilmədi. Bununla bağlı Sabunçu rayon Polis İdarəsinə müraciət etdim, orada cinayət işi istintaq edildi və Sabunçu rayon prokurorluğuna göndərildi. Akif Çovdarov və Səlim Məmmədov şəxsiyyət vəsiqəmi əlimdən aldıqdan sonra qorxduğuma görə DİN-ə müraciət edərkən şəxsiyyət vəsiqəmin itirildiyini bildirmişəm. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başladım”.
Zakir Bədəlov ifadə verdiyi zaman Akif Çovdarovun qohumu olduğunu deyib.
Akif Çovdarov Zakir Bədəlovun ifadəsinə münasibət bildirərkən deyib ki, Zakir Bədəlov nazirliyə borca görə çağırılmayıb: “Gürcüstan daxili işlər nazirinin müavini ilə danışıq zamanı bildirildi ki, 6 nəfər şəxsin telefon nömrələri dindirilməlidir. Onlar Azərbaycana narkotik maddə keçirməkdə şübhəli bilinirdilər. Həmin şəxslərin də biri Zakir Bədəlov idi. Zakir mənim uzaq qohumum olduğu üçün onunla bu haqda nazirliyə dəvət edib, danışdıq. Həmçinin biz Zakiri agent kimi çağırmışdıq. Sonra məlum oldu ki, bu işdə Zakirin heç bir günahı yoxdur. Həmin şəxslər əməliyyat nəticəsində Gürcüstanda həbs edildi”.
Səlim Məmmədovun vəkili Cavid Rzazadə jurnalistlərə açıqlamasında bildirib ki, Zakir Bədəlov məhkəmədə dindirilərkən onun ifadələrində ziddiyət olduğu məlum olub. Vəkillər zərərçəkmişin istintaqa da verdiyi ifadəsinin elan olunmasını tələb edib. Hakim isə qeyd edib ki, buna ehtiyac yoxdur.
Proses yanvarın 18-də davam edəcək.
Hacı Zeynalov