19 Yanvar 2017 17:41
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, müşavirədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə edib.

O deyib ki, 2016-cı ildə paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11.940 cinayət qeydə alınıb ki, onların da 83,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2015-ci illə müqayisədə qəsdən adam öldürmələr 12,7 faiz, adam öldürməyə cəhdlər 10 faiz, yol-nəqliyyat hadisələrinin sayı 14,2 faiz, həlak olanların sayı 16,2 faiz, xəsarət alanların sayı isə 18,7 faiz azalıb.

Cinayətlərin 75,9 faizinin, ağır növlərinin 76,5 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 64,4 faizinin, şəxsiyyət əleyhinə olan 1.709 cinayətin 95 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 94,6 faizinin, adam öldürməyə cəhdlərin açılması isə tam təmin olunub.

Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 0,7 faiz, şəxsiyyət əleyhinə olanların açılması 1 faiz, o cümlədən adam öldürməyə cəhdlərin açılması 3,3 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 0,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 27,1 faiz, mənzillərdən edilən oğurluqların açılması 6 faiz, mal-qara oğurluğunun açılması 22,9 faiz, soyğunçuluqların açılması 13,2 faiz, quldurluqların açılması 12,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 6,7 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3.947 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 380 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub.

Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub.

Qanunsuz dövriyyədən 269 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Hesabat dövründə 138 odlu silah, 10 qumbara, 9.125 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 61 odlu silah götürülüb.

Bildirilib ki, paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 66,6 faizi ödətdirilib.

Yol hərəkətinə nəzarət prosesində 11,6 faiz az və ya 775.005, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 576.380, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 8.290, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4.269 inzibati xəta aşkarlanıb, habelə 69 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Məruzəçi deyib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi il ərzində ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 39.674 ərizə və müraciət daxil olub, 1.805 vətəndaş qəbul edilib.

Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə mövcud olmuş nöqsanlara da toxunaraq onların aradan qaldırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.


Müəllif:

Oxşar xəbərlər