Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Ələkbər Əsgərov son söz deyib.
O, hadisədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, məhkəmənin bəraət verəcəyinə inanır.
Digər təqsirləndirilən Ədalət Rəcov da günahsız olduğunu bildirib: "Burada niyyət cinayət tötərətmək yox, Bakını gözəlləşdirmək olub. Mənim vəzifə öhdəliyimdə yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi olmayıb.
Mənə ittiham veriblər ki, guya yanğın təhlükəsizliyinə nəzarət etməmişəm. Düzgün ittiham deyil. Mən əmək fəaliyyətinə başlayandan dövlət qurumlarında işləmişəm. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq. Günahsız olduğum aydın görünür".
Nizami Orucov isə son sözə mərhumların ailə üzvlərinə başsalığı ilə başlayıb: "Binanın təmizlik işinə baxmışam. Zərərçəkmişlər də, şahidlərdə binanın təmiz olduğunu deyiblər.
Binanın yanındakı yarımçıq tikili özəlləşdirilmiş obyekt olub. Həmin tikilinin dam örtüyü sahibkar tərəfindən təmir olunub, yanğın baş verən zaman ora zibil yığılması mümkün deyil. Günahsızam, barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm".
Miryusif Mahmudov isə bildirib ki, məhkəmə dövründə baş verən hadisənin əsl səbəbi üzə çəxıb: "Elin gözü tərəzidir. Bu tərəzi də, hörmətli hakim, sizin əlinizdədir. İnanırıq ki, düzgün qərar qəbul edəcəksiz.
Dövlətini sevən şəxs istənilən sahədə faydalı iş görə bilər. Mənim sahibkarlıq dövrümdə 500 işçim olub. Özümü dövlətimə faydalı saymışam. Hadisə barədə fikirlərim bəllidir. Məni hədələyib, prezidentin gözündən salacaqlarını demişdilər. Mən bu gün onları alqışlayıram, istəklərinə çatdılar, çox qüdrətli adamlatdılar.
Yanğın yerindən tüstü çıxmamış düşmənlərimiz mətbuatda yanlış fikirlər formalaşdırdılar. İstintaq da bu rəy əsasında işlədi".
Təqsirləndirilən şəxs əlavə edib ki, prezdentin fanatı olub: "Ulu öndərin siyasi xəttini dəstəklədiyim üçün 1996-cı ildə Azərbaycana gəlmişəm, burada iş qurmağa başlamışam. Məhkəmənin qərarından asılı olmayaraq prezdentimə münasibətim dəyişməyəcək. Düşmən dəyirmanına su tökmək lazım deyil. Bu, mənim hadisə ilə bağlı fikirlərimdir".
Miryusif Mahmudov qeyd edib ki, hadisədən dərhal sonra şirkətin internet səhifələrini bağlatdırıb: "Bildirdim ki, yəqin bizim həbs olunmağımız məsləhətdir. Səhifəni bağlamaqda məqsədim düşmənlərimizə əlavə fürsət verməmək idi. Amma mayın 20-də prezdent yanında keçirilən müşavirədə haqqımda düzgün məlumat çatdırılmadı".
Miryusif Mahmudovun sözlərinə görə, “Qlobal Stone” və “Global Construction" şirkətlərinin gördüyü işlər tam standartlara uyğun olub: "Şirkətin bu sahələrdə yanlış bir işi olmayıb. Olan faktlar haqqında danışmaq lazımdır. Hərə bir qurumu pislədi. Belədə haracan inkişaf edə bilərik? FHN uğurlu işlər görüb. Bu qurum insanların təhlükəsizliyini qoruyub saxlayır.
Xətaidə yanan bina vaxtında söndürüldü, insan təlafatı olmadı. "Azadlıq" prospektindəki binanı yandıranlar yolda tixac yaratdılar, imkan vermədilər yanğın söndürənlər vaxtında hadisə yerinə çatsınlar. Yanğın söndürənlərə təşəkkür edirəm, çünki daha acınacaqlı vəziyyətin qarşısını ala bildilər. Təxliyyə işləri düzgün quruldu.
Bu bina 1980-ci ildə tikilib, həmin stadartlara uyğun bina heç yerdə yoxdur. Azərbaycan FHN-i yox, başqa ölkənin yanğınsöndürəni də ordakı insanları xilas edə bilməzdi. Bu binanın standartlara uyğun olmaması onu qəsdən yandıranların işinə yarayıb".
Təqsirləndirilən şəxs bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağına inanır: "Mən məhkəmədən bəraət istəmirəm, tarix mənim bəraətimi verəcək. Məhkəmədən həbsdə yatdığım dövrümü istəyirəm, ailəmi-uşağımın yanına gedim. Gördüyüm işlərlə qururluyam, başı aşağı olacaq hərəkət etməmişəm".
Təqsirləndirilən Akif Əlibəyov çıxışı zamanı qeyd edib ki, günahsızdır və hakimdən bəraət istəyir.
Əməlində cinayət tərkibi olmadığını deyən Ağacavad Məmmədov da məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasının xahiş edib.
Digər təqsirləndirilən Uğur Bəşirov çıxışa hazır olmadığını deyib. Buna görə də prosesin davamı yanvarın 26-a təyin edilib.
Prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədovun barəsində cinayət işi başlanıb.
Hacı Zeynalov