Qanunsuz şəkildə ölkə ərazisindən çıxarılmağa cəhd göstərilərkən gömrükçülər tərəfindən aşkar edilən zəlilər təbiətə qaytarılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bir müddət əvvəl Astara Gömrük İdarəsində İran İslam Respublikası vətəndaşı Zahedi Qulamrza Əbülfəzl oğlunun idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı keçirilib və yoxlama zamanı avtobusdan 2 ədəd plastik materialdan olan vedrənin içərisində gömrük nəzarətindən gizlədilən 31 ədəd parça torbada «Hirudo medicinolis» növ zəlilər aşkar edilərək götürülüb.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən «Hirudo medicinolis» növ zəlilərin ümumi sayının 29000 ədəd olduğu müəyyən edilib.
Aşkar edilən faktla bağlı araşdırmaların aparıldığı dövrdə zəlilər saxlanılması üçün müvafiq qurumlara təhvil verilib.
Araşdırma başa çatdırıldıqdan sonra, fevralın 14-də bioloji mühafizələrinin təmin edilməsi məqsədilə həmin zəlilər Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Mingəçevir şəhərində yerləşən elmi-təcrübə labaratoriyasındakı süni göllərə buraxılmaqla təbiətə qaytarılıb.