7 Mart 2017 17:30
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1970-ci il təvəllüdlü Cavid Aslanov və onun uşaqlıq dostu, 1973-cü il təvəllüdlü Nəriman Heydərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Cavid Aslanov və Nəriman Heydərov Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxlanıb.

Onların həbsinə səbəb Naxçıvan sakini, yaşlı qadının iddia ərizəsi olub. Belə ki, Zemfira Baxışəliyeva 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək quldurluqla üzləşdiyini bildirib. O, ilkin izahatında qeyd edib ki, 3 nəfər naməlum şəxs evinə basqın edib, həmin şəxslər onun 20 min manatını, 800 manat dəyərində qızılını aparıb.

Sonradan Zemfira Baxışəliyeva izahatını dəyişib və bildirib ki, evindən 20 min manat pul, 10 min manat dəyərində qızılı aparılıb.

Bildirək ki, Zemfira Baxışəliyeva əvvəllər məhkum olunub. O, ərini xüsusi amansıqlıqla öldürdüyü üçün 9 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxan Zemfira Baxışəliyeva Binəqədi qəsəbəsində məskunlaşıb. Onun faizə pul verən qadın kimi də tanındığı bildirilir.

Cavid Aslanov və Nəriman Heydərov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər cinayəti etiraf etməyiblər. Onlar bildiriblər ki, qadının şər atması nəticəsində həbs olunublar.

Prosesdə şahid qismində Elçin Məmmədov ifadə verib.

Məlumat üçün bildirək ki, Elçin Məmmədov da qadının ifadəsi əsasında saxlanılıb. Amma sonradan onun günahı sübuta yetirilməyib və sərbəst buraxılıb.

Elçin Məmmədov qeyd edib ki, hadisə baş verən ərəfədə Yevlax rayonunda olub: “4-cü polis bölməsində əməliyyatçı işləyən Vüqar adlı dostum var. Vüqar mənə zəng elədi və harada olduğumu soruşdu. Ona Yevlaxda olduğumu bildirdim. Dedi ki, Gəncəyə gedir, yolüstü görüşməyi təklif etdi. Mən də onunla razılaşdım. Biz birlikdə Yevlax rayonunda kafedə çay içdik. Sonra Vüqar getdi”.

Elçin Məmmədovun sözlərinə görə, bundan iki gün sonra 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Rəhim adlı dostu ilə birlikdə saxlanılıb və birlikdə 4-cü polis bölməsinə gitiriliblər: “Orada mənə dedilər ki, bu qadına qarşı quldurluq edibsən, pulunu, qızıllarını aparıbsan. Həmin vaxt şərləndiyimi başa düşdüm. Üstümdə telefon var idi, dayıma zəng vurdum və baş verənləri izah etdim.

Dayım gələndən sonra Bakı şəhər Baş Polis İdarəsinə yazdılar. Orada aparılan araşdırma zamanı mənim günahsızlığım sübut olundu”.

Elçin Məmmədov qeyd edib ki, 4-cü polis bölməsində əməliyyatçılar ondan israrla qadına qarşı quldurluq etməsini boynuna almasını tələb ediblər: “Onlara dedim ki, niyə eləmədiyim cinayəti boynuma almalıyam? Həmin qadınla məni üzləşdirdilər. Mənimlə üzləşdirilən qadın bu məhkəmə zalında əyləşən qadındır. Dedi ki, mənə maskalı quldurluq edibsən”.


Elçin Məmmədovun sözlərinə görə, dayısını işə qarşımasından sonra kamera görüntüləri çıxarılıb: “Məlum oldu ki, həmin vaxt işlə bağlı Bərdə rayonunda olmuşam. Dayım da izahatında məni Bərdə rayonuna işlə bağlı göndərdiyini bildirdi”.

Zemfira Baxışəliyeva qeyd edib ki, məhkəmədə ifadə verən gənci polis bölməsində görüb: “Bu şəxsi ora gətirmişdilər. Mən heç kimi şantaj etmirəm, heç kimə böhtan atmıram. Mənə qarşı quldurluq edənin boyunun alçaqlığı ilə bağlı bu şəxsə oxşatmışdım. Mənə basqın edənlərin üzlərindən birinin maskasını çıxarmışdım. Həmin şəxsin üzündə çapıq olduğunu görmüşdüm, boydan da alçaq idi. Buna görə də mənim evimə bu şəxsin basqın etdiyini demişdim”.

Təqsirləndirilən şəxslərin vəkilləri sual veriblər ki, ölkədə milyonlarla alçaq boylu kişi var, indi belə çıxır onların hamısı bu basqın da iştirak edib?

Zemfira Baxışəliyeva vəkillərin bu sualına cavab tapa bilməyib.

Sonra vəkillərin suallarını cavablandıran Elçin Məmmədov qeyd edib ki, məlum hadisələrdən sonra dostu Rəhimi görməyib.

Daha sonra Nəriman Heydərov bildirib ki, hadisə baş verən vaxtı Alatava qəsəbəsində bacısının kirayə qaldığı evdə olub. Həmin ərəfədə Rusiyadan gəldiyini deyən Nəriman Heydərov əlavə edib ki, 20 ilə yaxın Rusiyada yaşayıb: “Anamın vəfat etməsi ilə bağlı Azərbaycana gəlmişdim. Burada qalmaqda məqsədim Bakını gəzmək idi. Bacımgildə olduğum zaman polislər məni həbs etdi və 4-cü polis bölməsinə gətirildik. Orada bizə dəhşətli işgəncə verdilər. Sonra butulka düzdülər, dedilər ki, cinayəti etiraf edin.

Cavid butulkaları görən kimi cinayəti törətdiyini qorxusundan etiraf etdi. Mən isə etiraf etmədim. Dedim ki, burada ayağımdan assanız da, dərimi soysanız da, törətmədiyim cinayəti boynuma alan deyiləm”.

Zərərçəkmiş ilkin izahatında basqın edənlərin üç nəfər olduğunu qeyd edib. Polis yalnız Cavid Aslanov və Nəriman Heydərovu həbs edib. Anaq polis üçüncü şəxsin yerini və kimliyini müəyyən etmək üçün saxlanılan hər iki şəxsə suallar verməyib. Bunu məhkəmədə təqsirləndirilən şəxslər deyib.


Təqsirləndirilənlərin işgəncə verilməsi, cinayəti zorla boyunlarına qoyulması barədə səsləndirdiyi fikirlərə zərərçəkmiş Zemfira Baxışəliyeva etiraz edib: “Bu şəxsi polis bölməsində gördüm və dedim ki, mənə basqın edənlərdəndir. Orada mübahisə etdik. Ona bir şillə çəkdim, yerində üç dəfə fırlandı”.

Zərərçəkmiş şəxsin pullarının sayı ilə bağlı vəkillərin sualları yenə də etirazla qarşılanıb: “Mənim pulumun sayının bura nə dəxli var? 10 min deyil, 100 mindir. Limon satmışam, pul qazanmışam. Məni çaşdırmaq lazım deyil. Bir sözü min dəfə soruşursuz. Xəstəyəm, məni rahat buraxın”.

Təqsirləndirilən Nəriman Heydərov qeyd edib ki, Rusiyadan gələndən sonra dostu Cavid Aslanovla görüşmək istəyib: “Qohumum Kazım Cavidin Binəqədi qəsəbəsində olan ofisini tanıyıb. Onun vasitəsi ilə Cavidlə goruşdüm. Biz birlikdə heç bir cinayət törətməmişik”.

Sonra Cavid Aslanovun vəkili Tərlan Xanəliyev vəsatət verib.

O, bildirib ki, zərərçəkmiş izahatında pensiya kartının da götürülməsi barədə məlumat verib. Qeyd edib ki, məlum hadisələrdən sonra yeni pensiya kartı çıxarılıb.

Vəkil Zemfira Baxışəliyevaya məxsus olan pensiya kartının nə vaxt çıxarılması ilə bağlı “Kapitalbank”a sorğu verilməsini istəyib. Vəkil həmçinin əlavə şahidlərin dindirilməsi barədə də vəsatət verib.

Hakimlər Zemfira Baxışəliyevanın sonuncu dəfə nə vaxt pensiya kartı alması barədə “Kapitalbank”a sorğu verilməsi vəsatətini təmin ediblər. Amma əlavə şahidlərin məhkəməyə çağırılması barədə vəsatət baxılmamış saxlanılıb.

Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər.

Prosesdə Bəxtiyar adlı şahid ifadə verib. O da ifadəsində Zemfira Baxışəliyevanın şikayəti əsasında polis bölməsinə gətirildiyini, cinayəti zorla boynuna qoyulduğunu bildirib.

Proses martın 14-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər