Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Bəkirov barəsində hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Vüqat Bəkirova bəraət verilib və o, azadlığa buraxılıb.
İttiham aktına əsasən, Vüqar Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Vüqar Bəkirov barəsində cinayət işi başlanılıb.
O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən Vüqar Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov tərəfindən əvvəl axtarış haqqında qərar qəbul edilib. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Vüqar Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Vüqar Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
Nəticədə Mehriban Hüseynova həbs edilib.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də 73 yaşında dünyasını dəyişib.
Hacı Zeynalov