Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqovun martın 27-də olan iclasında verdiyi vəsatət müzakirə edilib.
Vəkil istintaq dövründə baxış protokolundakı imzaların Fikrət Fərəməzoğluna aid olmadığını deyərək, bununla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və cinayət işi ekspertiziyaya göndərilib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlu rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.
Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.
Hacı Zeynalov