Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslərdən Şahin Məmmədov ifadə verib.
Şahin Məmmədov bildirib ki, 1993-cü ildən etibarən zərgərlik fəaliyyəti ilə məşğul olur: “1997-2000-ci illərdə bu işdən müvəqqəti ayrılmışam, sonra isə 2000-ci ildən yenə də bu işə qayıtmışam, müxtəlif sexlərdə zərgərlik məmulatlarının hazırlanması və təmiri ilə məşğul olmuşam. Lakin iqtisadi vəziyyət dəyişəndən sonra və səhhətimdə olan problemlərlə əlaqədar Mərkəzi univermaqda bu işlə daimi məşğul ola bilmirəm”.
Zərərçəkmişin sözlərinə görə, Ramin Babayevin təxminən 2012-2013-cü illərdən qızıl alıb-satmaqla məşğul olan ticarətçi kimi tanıyır: “Ona məxsus zərgərlik dükanı Mərkəzi Univermağın balansında olmaqla icarə kimi “Gold zərgərlik” adı ilə Bakı şəhəri, Xəlilbəyli küçəsi 5 ünvanında rəsmi lisenziya əsasında fəaliyyət göstərir. Onun fəaliyyəti camaatdan aldığı qızılları satmaqdan ibarətdir. Bir dövr onunla şərik də olmuşam. Raminlə yaxşı münasibətim var”.
Şahin Məmmədov qeyd edib ki, 2014-cü ilin təxminən yayın axırında Nardaran qəsəbəsində İlqar adlı tanışı təxminən 20 min dollar dəyərində olan brilyant daş-qaşların Dubaydan gətiriləcəyi barədə ona danışıb: “Özüm bu barədə Raminlə razılaşmışdım ki, bu daşlara baxacağıq. İlqar dedi ki, Nardaranda daşlar xalası oğlundadır. Onun xalası oğlu Emin ilə razılaşmaya əsasən Zabratda tikinti materiallar satılan bazarın qarşısında görüşdük. Daşları götürərək şəhərə qayıdarkən Zabrat qəsəbəsində MTN əməkdaşları tərəfindən saxlanıldıq. Həmin İlqarı üzdən tanıyırdım. Bir brilyant gətirərək satan şəxs kimi, lakin onun soyadını, anket məlumatlarını bilmirəm, ünvanı, iş yeri, avtomaşını, yaxın qohumları barədə konkret bir söz deyə bilmirəm. Ola bilsin bu İlqar elə həmin ləğv olunmuş MTN əməkdaşlarının adamı olub, zərgərlər arasında işləyib. İlqarın xalası oğlu kimi tanıdığım Eminin barəsində də məndə heç bir məlumat yoxdur. İstintaqa çağırılandan sonra hər ikisinin yerini və məlumatlarını taparaq, istintaqa vermək istəsəm də, bu alınmayıb”.
Zərərçəkmiş qeyd edib ki, onları saxlayan şəxsləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən Füzuli Əliyev, Zaur Məmmədov və Natiqi tanıyır, başqaları onlara yaxınlaşmayıb: “Bu barədə əvvəl ətraflı ifadə vermişım və ifadəmi də təsdiq edirəm. Füzuli elə yerində ondan daşları istəyərək aldı, baxıb dedi ki, o biri daşlar hanı, yəni o, elə bilirdi ki, bizdə iri ölçülü daşlar olmalıdır. Məni Eminlə birlikdə ləğv olunmuş MTN-ə apardılar, orda 2-ci mərtəbəyə qaldırdılar. Həmin vaxt Raminin mobil telefon nömrəmə zəng edərək MTN əməkdaşları tərəfindən saxlanıldığımı və nazirliyə aparıldığımı bildirmək barədə Füzuli göstəriş verdi. Buna görə də Ramin tələsik MTN-nə gəldi. Təxminən saat 17-18 araları olardı ki, Ramin gəldi. Bizimlə məşğul olanlardan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin hər 3 əməkdaşını tanıya bilərəm. Onların rəisi kimi özünü təqdim edən Füzuli Əliyev dedi ki, bizim taleyimiz onun əlindədir”.
Zərərçəkmişin sözlərinə görə, bundan sonra Füzulinin göstərişinə əsasən onun və Raminin ayrılıqda izahatlarını almağa başlayıblar: “İzahat alan Natiq olub. Natiq ayrıca otaqda məndən guya həmin brilyantları Azərbaycana xaricdən qaçaqmalçılıq yolu ilə gətirməyim barədə izahat yazmağımı tələb etdi”.
Şahin Məmmədov qeyd edib ki, səhərisi gün Füzuli uzun müzakirədən sonra 30 min dollar veriləcəyi təqdirdə buraxılacağımızı vəd etmişdi: “Bu söhbətdən Natiq və Zaurun da xəbəri olub”.
Zərərçəkmişin sözlərinə görə, MTN-dən çıxandan sonra kassada olan puldan ümumi razılıqla 30 min dolla götürüb və həmin gün MTN-nə aparıb: “Füzuliyə zəng etdim, Zaur düşərək pulu məndən aldı”.
Zərərçəkmiş qeyd edib ki, MTN əməkdaşları tərəfindən götürülən qızılları geri almaq üçün əlavə 15 min dollar verib.
Daha sonra iclasda Sübahir Qurbanovun vəkilləri Azər Tağıyev, İlkin Mustafayev və Adil İsmayılov vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, qızıl alveri ilə məşğul olan və zərərçəkmiş şəxslər məhkəmədə verdikləri ifadələrində qaçaqmalçılıq yolu ilə, lisenziyasız Azərbaycana qızıl gətiriblər və buna görə saxlanılıblar.
Vəkillər bildiriblər ki, bununla yeni faktlar müəyyən olunub və məhkəmə bu haqda prokurorluq orqanına müraciət etməlidir.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim deyib ki, məhkəmənin sonunda buna münasibət bildiriləcək.
Proses aprelin 4-də davam edəcək.
Hacı Zeynalov