Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pekin-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən həmin şəxsin çantası təkrar yoxlanılıb.
Yoxlama zamanı çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan - 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd qolbaq, 2 ədəd kulon və 1 ədəd üzəri qaşlarla bəzədilmiş kulonlu boyunbağı aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 123,38 qram olan və 750/999 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.