Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin surətini istəyib.
Vəkil bildirib ki, sənədlər 300 səhfədən ibarətdir və onlarla tanış olmaq istəyir.
Dövlət ittihamçısı Abbas Abbaslı isə fərqli fikir deyib: "Ali Məhkəmə öz qərarında apelyasiya baxışında məhkəmə istintaqının zəruriliyini qeyd edib. Məhkəmə istintaqı aparıldığı halda, onların özlərinin iştirakı məqsədəmüvafiqdir".
Dövlət ittihamçısı həm Leyla Yunusun, həm də Arif Yunusun məhkəmədə iştirakını tələb edib.
Məhkəmə vəkilin vəsatətini təmin edib və sənədlərin ona verilməsi qərara alınıb. Sənədlərin vəkilə verilməsinin təmin edilməsi üçün proses mayın 3-dək təxirə salınıb.
Məlumat üçün bildirək ki, prokurorun Yunusların məhkəməyə gətirilməsi barədə tələbinə növbəti prosesdə baxılacaq.
Ötən il dekabrın 27-də Ali Məhkəmədə Leyla və Arif Yunusların işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb.
Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus, dekabrın 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib.
Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər. Bu il aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.
Hacı Zeynalov