1 May 2017 17:49
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində bir neçə media qurumunun saytının bloklanması ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədli bildirib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub.

Məktubda qeyd edilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib.

Nazir prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb - ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb.

Növbəti proses mayın 3-də davam edəcək.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və “Turan” telekanalı (Turan TV) ilə “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər