23 May 2017 14:11
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisinin qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, onun atası Rasim Süleymanov, cinayəti icra edənlər - Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramil Hüseynli və Günel Süleymanlının hər biri 16 il, Rasim Süleymanov 8 il, Ramin Həsənov 7 il, əlikubar Kübarov isə 1 il 6 ay müddətinə azadlıqda məhrum edilib.

İttihama görə, ötən il aprelin 11-də saat 05.30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.

Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmək barədə razılığa gəlib.

Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli “Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, qətl sifarişini başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan Hüseyn Qasımov xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Bundan başqa, Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik göstərəcəyini vəd edərək külli miqdarda pulunu ələ keçiriblər.

Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti “AS Club” barında olub. Onlar barın sahibini döyüblər.

Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər