23 May 2017 18:58
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə şahid qismində Zərniyar Zamanova ifadə verib.

Təqsirləndirilən Samir Əliyevin qonşusu olduğunu deyən şahid bildirib ki, evdə olduğu zaman səs-küy eşidib: “Nəvəm yanımda idi, həm də xəstə idi. Səs-küyə balkona çıxdım. Səsin Samirgildən gəldiyini eşitdim. Onların evi bizim balkondan görünmürdü. Səs eləsəm də, mənə cavab verən olmadı. Samirin səsi gəlirdi, dava etdiklərini bilmirəm. Samir hündürdən danışan adamdır. Nəvəm ağladığı üçün otağa qayıtdım”.

Zərniyar Zamanova qeyd edib ki, səs-küylə bağlı Samirin anası Rəhiməyə zəng vurub: “Rəhimə müəllimədən harada olduğunu soruşdum. Dedi, tədbirdəyəm. Ona Samirgilin evindən səs-küy gəldiyini dedim. Rəhimə müəllimə ilə danışandan sonra bloka çıxdım. Bizim evimiz 9-vu mərtəbədə, Samirgilin evi isə 8-ci mərtəbədə idi. Bir mərtəbə aşağı düşüb, onların evinin qapısını döydüm. Qapını açan olmadı. Nəvəm evdə tək olduğu üçün tez geri qayıtdım. Bir qədər sonra Rəhimə müəllimə gəldi”.

Şahid bildirib ki, Samir Əliyevlə mərhum Natəvanın boşanmasını oğlundan eşidib: “Oğlumun məhkəmədə dostu işləyirdi. O, Samirgilin boşandığını bildirmişdi. Onlar boşanmalarını heç kimə demirdilər. Samirlə Natəvan boşanandan sonra da mehriban olublar. Birlikdə harasa getmələrinin dəfələrlə şahidi olmuşam. Amma son günlər Natəvan uşaqlarına yaxşı baxmırdı”.

Digər şahid Eldəniz Abbasovun sözlərinə görə, Samir Əliyevi Nizami rayon Polis İdarəsində işləyən dövrdən tanıyıb: “Bizim bir işimiz var idi. Həmin işi Samir Əliyev araşdırdı. Bundan sonra Samirgilin evlərinin yaxınlığında olan avtomobil dayanacağına nəzarət etmişəm. Samir də avtomobilini həmin dayanacaqda saxlayırdı. Onu həmin vaxtdan yaxından tanımışam”.

Eldəniz Abbasov qeyd edib ki, iyunun 25-dən 26-na keçən gecə, saat təxminən 23:15 radələrində avtomobil dayanacağına baxış keçirib: “Mən hər saatdan bir dayanacağa baxırdım. Samrin maşınını görüb yaxınlaşanda maşının qapısının açıq olduğunu, Samirin də içərisində oturduğunu gördüm. Samir mənə dayanacaqda maşın saxlaması ilə bağlı aylıq haqqını verdi. Sonra Samir evinə, mən isə otağa gəldim”.

Eldəniz Abbasov bildirib ki, ertəsi gün Samirgilə polis əməkdaşlarının gəldiyini görüb. Onun sözlərinə görə, polislər Samir Əliyevin ikinci arvadı və uşağını götürərək, bölməyə aparıblar: “Bundan sonra Samiri görmədim. Eşitdim ki, Samir adam öldürüb, onu tutublar”.

Bu zaman Samir Əliyevlə keçmiş qayınanası Qərənfilin arasında mübahisə yaranıb. Qərənfil Samir Əliyevi qızının qatili adlandırıb. Samir isə keçmiş qayınanasının ünvanına xoşagəlməz ifadələr işlədib.

Hakim onların mübahisəsini sakitləşdirəndən sonra Samir Əliyev deyib ki, Natəvanın qətlə yetirilməsindən xəbəri olmayıb.

Daha sonra Samir Əliyevin vəkili Azər Rəsulov əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. O, vəsatətində Ruhid Quliyev, Elvin İsmayılov, Validə Zahidova və Gülgəz Süleymanovanın dindirilməsi üçün qərar qəbul edilməsini istəyib.

Prokuror bildirib ki, müdafiəçi əlavə şahidlərin dindirilməsini əsaslandıra bilməyib: “Həmin şəxslərin ittihamla hər hansı əlaqəsi yoxdur. Onların yalnız mərhumun həyat tərzi ilə bağlı dindirilməsini istəyirlər. Mərhumun necə həyat tərzi keçirməsinin işə aidiyyəti yoxdur. Buna görə də vəsatət təmin edilməməsini istəyirəm”.

Məhkəmə vəsatəti qismən təmin edib və qərara alıb ki, əlavə şahidlərdən Ruhid Quliyev, Elvin İsmayılov, Validə Zahidovanın dindirilməsi təmin edilsin.

Daha sonra Samir Əliyev cinayət işinin ibtidai istintaqını araşdıran müstəntiq Aslan İbrahimovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası mayın 25-də davam edəcək.

2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

Samir Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər