Teleqraf.com xəbər verir ki, Etibar Ağayev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq barədə İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşı Əli adlı şəxslə cinayət əlaqəsinə girib.
Bu məqsədlə 29 iyul 2015-ci il tarixdə günorta saatlarında Biləsuvar şəhərində yerləşən bazarda İran vətəndaşı Əlidən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 1030 qram çəkidə narkotik vasitə hesab olunan tiryək əldə edib və Biləsuvar şəhərində yerləşən “Zirvə” mehmanxanasının yaxınlığındakı magistral yolun kənarına gətirib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Etibar Ağayev iyulun 29-da saat 21:00-da “Zirvə” mehmanxanasının yaxınlığındakı magistral yolun kənarında saxlanılıb.
Etibar Ağayev Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Etibar Ağayev apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Etibar Ağayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, iyulun 29-da saat 16 radələrində Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılaraq atası və anası ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə aparılıb: “Orada mənə bir sellofan torba tiryək təqdim etdilər. Həmin tiryəkin mənə məxsus olduğunu etiraf etməsəm, atamı da mənimlə birlikdə həbs edəcəklərini dedilər. Bu təzyiq altında narkotik vasitəni Biləsuvar rayonu ərazisində bazarda TIR sürücüsü olan İran İslam Respublikası vətəndaşından 1.000 manat verməklə almağım barədə izahat və ifadələr verdim.
İlkin izahat və ifadələrimi vəkillərimin iştirakı ilə vermişəm. Hadisə günü atam sərbəst buraxılsa da, əhəmiyyətinin olmayacağını düşünərək sonralar mənə təsir və təzyiq edilməsinə dair heç bir yerə şikayət etməmişəm. Lakin aşkar edilərək götürülmüş narkotik vasitənin mənə heç bir aidiyyəti olmayıb”.
Məhkəmə tərəflərin fikirlərini dinləyəndən sonra sonda hökm elan edib. Yeni hökmə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Etibar Ağayevin barəsində bəraət hökmü çıxarılıb.
Məhkəmə Etibar Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.