2 İyun 2017 16:17
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində biznesmenin 3,4 milyon dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımov barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Tofiq Zülfüqarov çıxış edib.

O, Fərhad Tağıyevdən şikayətçi olmadığını deyib.

Daha sonra Emin Qasımovun müdafiəsinə qoşulan yeni vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Vəkilin vəsatəti təmin edilib. Növbəti proses iyunun 6-da davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Abdullayev 18 il, Pərviz Rzayev 16 il, Emin Qasımov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ruslan Hacıyev, Fərhad Tağıyev, Tural Babazadə və Gəray Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq olunaraq, onlara şərti cəza verilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

İttihama görə, Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımov 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Tofiq Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər.

Tofiq Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər.

Daha sonra onlar Tofiq Zülfüqarovu “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri pulu bölüşdürdükdən sonra ölkədən çıxıblar.


Müəllif: Hacı Zeynalov