Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb.
Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar arayış verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat rüşvət tələb etməsi müəyyən edilib.
Hüseyn Həsənov və Mətanət Şamçiyeva Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilirlər.
Məhkəmə ifadəsində Mətanət Şamçiyeva bildirib ki, dispanserdə arayış vermək üçün vətəndaşlardan pulu yığıb, pulları baş həkimə verib: “Hüseyn müəllim özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Hüseyn müəllim təkid elədi ki, pulu yığıb ona verim, mən də qorxdum ki, pulu yığmasam, məni işdən qovar. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Həsən müəllim mədəni adam idi, heç kimi də işdən qovmamışdı, 11 ildir bir yerdə işləyirdik”.
Mətanət Şamçiyevanın sözlərinə görə, arayışa görə standart pul tələb etməyiblər: “Bir manat verən də var idi, qəpik qoyub gedən də, 5 manat verən də olurdu. Hüseyn müəllim deyirdi ki, pulları mənim otağıma qoyma. Mən də öz otağımda saxlamağa qorxurdum. Ona görə laboratoriyada saxlayırdım, orada 300 manat vardı. Evdə də əlavə 500 manat qalmışdı. Bizim pul yığmağımızla bağlı kiməsə məlumat verdiyimi xatırlamıram. Amma ola bilər ki, vətəndaşlar pul verəndə işçilərdən kimsə görsün”.
Baş həkim Hüseyn Həsənov ifadə verərək özünü təqsirli bilməyib: “Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub, nə də mənə pul verilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi görünən videodakı şəxsin mənim olub-olmadığımı deyə bilmərəm. Bunun üçün ekspertiza keçirmək lazımdı.
Videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, fevralın 1-dən bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim.
Dedim ki, filan gün gəl, pulunu götür. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm”.
Hüseyn Həsənov bildirib ki, əməliyyat zamanı prokurorluq əməkdaşları iki dəfə çəkiliş edib: “Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borcdu. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb”.
Mətanət Şamçiyeva Hüseyn Həsənovun yalan danışdığını deyib.