26 İyul 2017 11:15
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Laçın Teymurovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib.

İttihama görə, hadisə ötən il sentyabrın 11-də Xətai rayonunda baş verib. Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Fərid Məmmədov oradaca ölüb.

Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın Teymurov tutulub. Məlum olub ki, Laçın Teymurov avtomobili ilə Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı Fərid Məmmədov Laçın Teymurovun anasını təhqir edib. O, bunu “zarafat” məqsədi ilə etdiyini deyib.

Lakin Laçın Teymurov bu hərəkətdən əsəbiləşib. Bir neçə saat sonra o, digər dostlarını çağırıb və Fərid Məmmədovun yaşadığı ünvana gedib. Mübahisə zamanı tərəflər əlbəyaxa olublar, Laçın Teymurov Fərid Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Teymurov 18 il müdətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Laçın Teymurov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini və cəzasının daha yüngül cəza ilə əvəz olunmasını istəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər