23 Avqust 2017 16:56
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə Bakı Hərbi Məhkəmədən müraciət daxil olduğu elan olunub.

Hakim bildirib ki, Hərbi Prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apelyasiya protesti verib.

Hakimin sözlərinə görə, apelyasiya protesti də gec verildiyi üçün bununla bağlı Bakı Hərbi Məhkəmənin hakimi Həbib Həsənov apelyasiya instansiyasına müraciət edib: “Bakı Hərbi Məhkəməsinin hakimi müddətin bərapsı üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib”.

Şahin Sultanov və onun müdafiəçiləri buna etiraz ediblər. Sabiq komandir qeyd edib ki, sənədlər apelyasiya instansiyasına dörd aydan sonra daxil olub: “Buna etiraz edirəm. Dörd aydan sonra sənədlər gəlib Bakı Apelyasiya Məhkəməsinə. İndi bu nə deməkdir? Razı deyiləm”.

Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti qərarı elan edib. Qərara əsasən, iş yenidən Bakı Hərbi məhkəməsinə qaytarılıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 3 il sınaq müddəti olmaqla, 8 i 6 ay müddətinə şərti cəza alıb.

Qeyd edək ki, dövlət ittihamçısı Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər