24 Avqust 2017 11:47
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov barəsində çıxarılan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin sentyabrın 7-də Abşeron rayonunun Xocahəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Araşdırmalar zamanı qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olduğu müəyyən edilib.

Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılovun öldürdüyü bəlli olub.

Qətli törədən şəxslər Xanlar Nadirovla birlikdə həmin il sentyabrın 6-da saat 22:00 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər.

Bundan sonra dostların arasında mübahisə düşüb. Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov Xanlar Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq qətlə yetiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mirzəyevlə Vüsal Qədiyevin hər biri 18 il, Nizami İsmayılov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti verib. Onların şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin Nizami İsmayılov barəsində çıxardığı hökm hissəsi dəyişdirilib.

Məhkəmə Nizami İsmayılovun Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməyib və həmin maddələr üzrə bəraət verilib.

Məhkəmə Nizami İsmayılov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinib və ona 10 il cəza təyin edilib.

Hökm qalan hissədə dəyişdirilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər