Bakıda ərini öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.
İttihama görə, hadisə 2016-cı il noyabrın 7-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Gülər Mirzəyeva 32 yaşlı həyat yoldaşı Şəmsi Babayevi bir bıçaq xəsarəti ilə qətlə yetirərək onu öldürüb.
Bildirilir ki, onlar bir neçə il əvvəl ailə həyati qurublar. Ali təhsilli Gülər 2 il əvvəl ana olub. Lakin yeni doğulan övlad da ailəyə xoşbəxtlik gətirməyib. Gülərlə Şəmsi tez-tez adi məişət məsələləri üstündə dalaşırlarmış.
Ümumiyyətlə, qohumlar onların xasiyyətlərinin uyğunlaşmadığını, bir-birilərindən narazı olduqlarını bildiriblər. Noyabrın 7-də səhər saatlarında növbəti dəfə ərlə arvad mübahisə edib və əsəblərinə hakim ola bilməyən Gülər Mirzəyeva mətbəxdən götürdüyü bıçaqla ərinə bir zərbə endirib.
Gülər Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur, iki yaşlı övladı var. O, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinir.
Zərərçəkmiş tərəfin iddiasına görə isə Gülər Mirzəyeva qətli tək törətməyib. Bu işdə təqsirləndirilən qadının atası və qardaşı da günahlamdırılır.
Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb. Onun vəkili Bəxtiyar Hacıyev əvvəlki prosesdə vəsatət verərək Gülərin qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib, işin istintaqa qaytarılmasını istəyib. Amma vəsatət təmin edilməyib.
Prosesdə 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri ifadə verib. Xəstəxananın cərrahı Səbuhi Talıbov bildirib ki, həmin gün növbədə olub, qəbul şöbəsinə gətiriləndə artıq xəstədə həyat əlamətləri olmayıb: “O, artıq dünyasını dəyişmişdi. Prokurorluqda verdiyim ifadəni təsdiqləyirəm”.
Digər şahid, xəstəxananın işçisi Tural Əliyev qeyd edib ki, yaralı gətiriləndə həyətdə səs-küy olub. Onun sözlərinə görə, yarlını xəstəxanaya Gülər Mirzəyeva gətirib: “Qucağında körpə uşaq da var idi. Qışqırırdılar ki, yaralı var. Yolun tanımadıqları üçün çöl qapıya gəlmişdilər. Biz də xərək gətirib xəstəni qəbul şöbəsinə apardıq. Müayinə zamanı məlum oldu ki, dünyasını dəyişib”.
Daha sonra təqsirləndirilən şəxsin də, zərərçəkmiş tərəfin də vəkilləri əlavə şahidlərin olduğunu deyərək, onların dindirilməsini istəyiblər. Vəkil Bəxtiyar Hacıyev vəsatət verərək mərhumun xalası Gülxanım Babayevanın əlavə şahid kimi dindirilməsini xahiş edib.
Vəkil vəsatətini belə əsaslandırıb ki, Gülxanım Babayeva mərhumla həyat yoldaşının münasibətlərində yaranan problemləri bilən əsas şahidlərdəndir. Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses sentyabrın 8-də davam edəcək.