Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən qətllə bağlı növbəti açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Meyitin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyiti aşkar olunub.
Bu barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.