Həbsdə olan bloqçu Mehman Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə qərar elan edilib.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti qismən təmin edilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən geri qaytarılıb.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.
O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.
Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.