2005-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı həbs edilən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Raci Babayevin kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi prosesdə Raci Babayevin kasasiya şikayəti qismən təmin edilib.
Raci Babayev barəsində təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilib.
İttihama görə, Raci Babayev Nardaran qəsəbəsində Daxili İşlər Orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilib.
Onun yaşadığı Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, ev 53 ünvanda 2015-ci ilin noyabr ayının əvvələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi “UZRQM” alışdırıcısı ilə birlikdə 1 ədəd “F-1” qəlpəli əl qumbarası, “UZRQM” alışdırıcısı ilə birlikdə 1 ədəd “RQD-5” qəlpəli qumbarası, istifadəyə yararlı 9 ədəd 7,62 mm kalibrli patronlar aşkar edilib.
Raci Babayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Raci Babayev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, barəsində bəraət hökmünün çıxarılması barədə Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı şikayəti təmin edilməyib.
Bundan sonra o, Ali Məhkəməyə müraciət edib.