Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluq və soyğunçuluq hadisəsi törədən şəxslərin tutulması üçün əməliyyat keçiriblər.
Teleqraf.com xəbər verir ki, noyabrın 14-də saat 8 radələrində Binəqədi rayonu ərazisində Abşeron sakini Elxan Hacıyevin içərisində 43 manat olan pulqabısı cibindən oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Qədəşov Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Nuhan Gülümcanovu isə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tutub. Onun bu il avqustun 5-də rayon ərazisindəki mağazaların birindən 200 manat, 8 mobil telefon və yaddaş kartı oğurladığı müəyyən edilib.
Daha bir oğurluq faktını üstünü Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları açıb.
2013-cü il noyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 1000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Cavad Cavadov tutulub.
Bundan başqa, Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-nə keçən gecə rayon ərazisindəki 2 mağazadan 98 manat, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Kürdmahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Əliyev və Ağstafa rayon sakini Sara Bukavadze tutulublar.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da Gülzar İbrahimovaya məxsus həyətyanı sahədən 15 baş qoyun oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elman Nağıyev tutulub, daha 1 nəfər müəyyən edilib.
Onun cari il iyulun 26-dan oktyabrın 9-dək olan müddətdə daha 3 həyətyanı sahədən ümumilikdə 15 baş inək oğurlaması da müəyyən edilib.