Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinə taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edib. O, bildirib ki, noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə, daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır.
Taksi sürücüsündən həmin pulu alan Ayhan pulu xırdalayaraq 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün “Hisense” markalı mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırma zamanı Telman İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.
Qeyd edilən faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Telman İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi rayon Polis İdarəsinə müraciət edə bilərlər.