Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayon ərazisində reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı 3 atlının yüklü halda hərəkət etdiyini görən nazirlik əməkdaşları onları saxlamaq istəsələr də, sonuncular atların üzərindəki yüklərini ataraq oradan uzaqlaşıblar.
Baxış zamanı kisələrin içində adı “Qırmızı Kitabı”a düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkar edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.
Quba rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyən ediliblər.
Şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilən Qonaqkənd kənd sakinləri Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub.
Onlardan ov zamanı istifadə etdikləri “İJ” markalı ov tüfəngi və 6 patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.