7 Dekabr 2017 12:24
4 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, 3 il əvvəl itkin düşmüş Mehparə Əliyeva və onun 4 qızı - İradə, Rəqibə, Sevda və Ümidənin rayonun mərkəzində, Tale Davudzadə küçəsindəki evlərinin həyətində meyitləri aşkarlanıb.

İlkin məlumata görə, onları Mehparə Əliyevanın əri Fərhad Əliyev öldürüb. Ataya oğlu Fəqan da kömək edib.

Fərhad Əliyev içki düşkünü olub.

Mərhumların Türkiyəyə getdiyi ehtimal edilirdi. Ailənin 5 üzvü itkin düşdükdən sonra Mehparənin qızlarını da götürərək Türkiyəyə getdiyi barədə söz-söhbət yayılıbmış.

2014-cü ildən Mehparə Əliyeva və qızları Salyan rayon polis şöbəsində itkin düşmüş kimi axtarışda olub.

İstintaq araşdırması zamanı məlum olub ki, Fərhad Əliyev həqiqətən də qətli oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevlə birlikdə törədib. Polis ata və oğulu yaxalayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb.

***

11:15

Salyan rayonunda bir ailənin 5 üzvünün qətlə yetirilməsi ilə bağlı istintaq prosesi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda və Ümidənin qətlə yetirilməsi ilə bağlı qadının əri Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevə ittiham elan edilib.

Hər iki şübhəli şəxs rayon prokurorluğunda dindirilib və onlar törətdikləri cinayəti etiraf ediblər. Fərhad Əliyev bildirib ki, hadisə baş verən günü sərxoş olublar. Onun sözlərinə görə, arvadını və qızlarını öldürüb.

Şübhəli şəxsin sözlərinə görə, cinayəti törədən zaman sərxoşluğun təsirindən özündə olmayıb: “Özümə gələndə arvadımı və qızları artıq öldürmüşdüm. Onları öldürdüyümə görə peşman olmuşdum. Amma artıq gec idi. Həbs edilməməyim üçün cinayətin izini itirmək lazım idi. Oğlum da mənə köməklik etdi. Oğlumla birlikdə arvadımı və qızlarımı evin zirzəmisində basdırdıq”.

Fərhad Əliyev deyib ki, bir neçə gündən sonra arvadının və qızlarının itkin düşməsi xəbəri rayon ərazisində sürətlə yayılıb: “Özümü şübhəli aparmadım. Sonra arvadım və qızlarımın itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət etdim. Polisdə onları itkin düşmüş kimi qeydiyyata aldılar və axtarış aparmağa başaldılar”.

Cinayətin açılmasına bu yaxınlarda teleaparıcı Xoşqədəm Hidayətqızının itkin düşən Mehparə Əliyeva və onun qızları ilə bağlı hazırladığı süjeti efirə verməsi səbəb olub. Efirdə Mehparə Əliyevanın qızlarını da götürərək Türkiyəyə getdiyi qeyd olunub.

Həmin süjetin yayılmasından sonra Fərhad Əliyev rayonda qeyrətsiz kimi tanınacağını düşünüb. Bu səbəbdən ata və oğul polis şöbəsinə gələrək cinayəti etiraf ediblər. Onlar Mehparə Əliyeva və 4 qızını harada basdırdıqlarını polisə bildiriblər.

Baş prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda atanın oğlu ilə əlbir olaraq arvadını və 4 qızını 2014-cü ildə qətlə yetirərək, yaşadığı evin zirzəmisində basdırması barədə birgə məlumat yayıblar.

Məlumatda qeyd olunur ki, Salyan rayon sakini Mehparə Əliyeva və 4 övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib və insan cəsədlərinin qalıqlarını aşkar ediblər. Hazırda eksqumasiya prosesi aparılır.

Baktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Mehparə Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Mehparə Əliyeva və 4 qızının cədlərinin qalıqları Salyan rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının nəzarəti altında şəhərin Tale Davudzadə küçəsindəki evin zirzəmisindən çıxarılıb.

Cəsədlərin qalıqları ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.


Müəllif: Hacı Zeynalov