Xaçmaz rayonunda tanışın öldürməkdə təqsirli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrulayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sərxan İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xaçmaz rayonunda fəhlə işləyən Sərxan İsmayılov kafeyə gəlib və tanışı Əlihüseyn Əzizli ilə yeyib-içib.
Sərxoş olan Əlihüseyn Əzizli Sərxan İsmayılovu nalayiq ifadələrlə təhqir edib. Sərxan İsmayılov da stolun üstündə olan araq butulkasını onun başına çırpıb. Əlihüseyn Əzizli təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 3 gün sonra həyatını itirib.
Sərxan İsmayılov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.