Bakıda dələduzluqda təqsirli biıinən Möhübbət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihamdan məlum olub ki, Möhübbət Əhmədov vətəndaş Nizaməddin Məmmədova qarşı dələduzluq edib.
O, Nizaməddin Məmmədovu Bakı Humanitar Kollecə direktor düzəldəcəyi vədi verib, ondan 120 min pul alıb. Lakin vədinə əməl etməyib, pulu dələduzluq yolu ilə ələ keçirib.
Möhübbət Əhmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Möhübbət Əhmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, zərərçəkmişi kollecə direktor vəzifəsinə düzəltdirəcəyi vədini verdiyini deyib: “Bizi Nadir adlı şəxs tanış etmişdi. Sonra Eldar adlı şəxslə bu işi həll edəcəkdik. Bu səbəbdən Nizaməddindən aldığım pulu Eldara verdim. Eldar da intihar edərək öldü, iş düzəlmədi. Həmin dövrdə Eldarın bizi aldatdığını bildik”.
Təqsirləndirilən şəxs deyib ki, Nizaməddin Məmmədovdan 113 min manat alıb: “İttihamda qeyd edilib ki, 120 min manat məbləğində dələdzuqluq etmişəm. Bununla razı deyiləm. Ziyandan 31 min manatı isə ödəmişəm. Zərərçəkmişin evinə getdim, pulu orada verdim. Həmin vaxt zərərçəkmiş xəstə idi”.
Növbəti proses dekabrın 25-də davam edəcək.