Bakıda adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, təqsirləndirilən şəxs - Şahmar Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyev tərəfindən 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurlanması haqqında məlumat alıb. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün Pərvizin onlara da pul verməli olduğunu bildiriblər. Pərviz Quliyev isə onların bu tələbini rədd edib.
2016-cı il martın 13-də kafedən çıxarkən onlar Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə, Altay Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər Pərviz Quliyevdən 18 min manat pul alıblar.
Xatırladaq ki, 2017-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub. Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 19-da baş tutub.
İclasda tıqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.