21 Dekabr 2017 10:06
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda və xuliqanlıqda təqsirli bilinən Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxslər barəsində prokurorun verdiyi protest araşdırılıb.

İttihama görə, Mehdi Məmmədov Bakı şəhərində 56 min manata mənzil alıb, daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıb.

Cəmilə Məmmədova ilə Mehdi Məmmədovun arasında qeyri-rəsmi ər-arvad münasibəti də olub. Cəmilə Məmmədova evin 56 min manata alındığı və ona 70 min manata satıldığını biləndə Mehdi və digər şəxslərdən pulunun geri qaytarılmasını istəyib. İmtina cavabı aldıqda Cəmilə ilə Mehdinin arasında mübahisə yaranıb. Mehdi Cəmiləni döyüb. Xəsarət alan qadın xəstəxanada müayinə olunub. Daha sonra hüquq-mühafizə orqanlarına şikayət edib.

Şikayət əsasında Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyev həbs edilib.

İstintaq orqanı tərəfindən hər üç təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Həmçinin Mehdi Məmmədova əlavə olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə də ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 aprel 2015-ci il tarxili hökmü ilə Mehdi Məmmədov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxşlər barəsində isə bəraət hökmü çıxarılıb.

Hökümdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən Mehdi Məmmədovun cəzasının ağırlaşdırılmasını, digər iki təqsirləndirilən şəxsin barəsində olan bəraət hökmünün ləğv edilməsini, onlara da dələduzluq ittihamı üzrə cəza kəsilməsini istəyib.

Prokurorun protestinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protestini təmin etməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya qaydasında protest verib. Prokurorun protesti Ali Məhkəmə tərəfindən təmin edilib və işə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Bu dəfə iş hakim Rizvan Səfərovun icraatına verilib. Hakim kollegiyası ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib. Daha sonra prokurorun protestinin dəlilləri müəyyən olunub.

Prosesdə təqsirləndirilən Mehdi Məmmədovun da apelyasiya şikayəti verdiyi məlum olub.

Məhkəmə baxışı dekabrın 27-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər