Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.
Teleqraf.com xəbər verir ki, araşdırmalarla qadının “Samsunq Qalaksi S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli şəxslər saxlanılıblar.
Onlar Elnur Hüseynov, əvvəllər məhkum olunmuşr Emil Məmmədov və Əli Həsənovdur. Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.
Davam etdirilən əməliyyat tədbirləri ilə onların narkotik vasitəsi əldə etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Onların digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.