Bakıda dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Ceyran İsmayılova və Türkay Əkbərli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittihan olunur. Onlar vətəndaş Bəhruz Nağıyevin 400 min manat pulunu mənimsəməkdə təqsirli bilinirlər.
İttihama görə, Türkay Əkbərli ilə Bəhruz Nağıyev sevgili olub. Türkayın dələduzluğu Ceyran İsmayılova ilə əlbir törətdiyi bildirilir.
İttihama münasibət bildirən hər iki qadın özlərini təqsirli bilməyiblər.
Türkay Əkbərli bildirib ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Bəhruz Nağıyevdən pulu sələmə götürüb. Onun sözlərinə görə, sonradan sələmlə bağlı gələn faizi ödəyə bilmədikləri üçün pulun məbləği iki qat artıb və Bəhruz Nağıyevə borclanıblar.
Bəhruz Nağıyev qeyd edib ki, pulu hər iki qadına iş qurmaq adı ilə verib.
Növbəti proses yanvarın 19-da davam edəcək.