18 Yanvar 2018 20:15
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dostluq” parkının ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) sabiq rəisi Famil Quliyevin azadlığa buraxılmasına etiraz olaraq dövlət ittihamçısının verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə prokurorun Famil Quliyevin həbs edilməsi barədə protestinə baxılıb.

Prosesdə məlum olub ki, prokuror apelyasiya protestindən imtina edib. Məhkəmə prokurorun şikayətindən imtina etməsi barədə qərarını qəbul edib.

Bu səbəbdən şikayətə baxılmasına xitam verilib.

“Dostluq” parkı ərazisində torpaq sahələrinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) sabiq rəisi Famil Quliyev Nizami rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Famil Quliyevin cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barəsində ərizəsi təmin edilib və məhkəmənin çıxardığı qərara görə, Famil Quliyev saxlandığı ümumu tipli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssəsinə köçürülüb.

Qərar qəbul ediləndən sonra müalicə müəssisəsində olan Famil Quliyev azadlığa buraxılıb. Bu qərardan apelyasiya protesti verən prokurorluq Famil Quliyevin həbsini tələb edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidirlər.

Hökmdən verilən apelyasiya şikayətində onlara bəraət verilməsi istənilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Etibar Məmmədovun cəzası 7 il 6 aydan 7 ilə, Famil Quliyevin cəzası 7 ildən 6 ilə, Tərlan Hüseynovun cəzası isə 7 il 6 aydan 5 il 6 aya qədər azaldılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

“Dostluq” parkında villa tikən iş adamı Tərlan Hüseynov həbs edilib. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər