Həbsdə olan şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, şairin müraciətini Nizami rayon Məhkəməsinə təqdim edib.
Vəkil Fəxrəddin Mehdiyev qeyd edib ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib: “İndiki halda onun azadlığa buraxılması mümkündür”.
Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.
İttihama görə, Saday Şəkərli 2015-ci il dekabrın 23-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, keçmiş vergilər nazirinin müşaviri Asif Cahangirovu hədələyib, ondan 10 min manat pul almaqda suçlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı il mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib. Ancaq kasasiya şikayəti təmin olunmayıb.