25 Yanvar 2018 13:06
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Fuad Məmmədzadə ilə bağlı təyin edilmiş stasionar ekspertizanın rəyi elan olunub.

Rəyə görə, Fuad Məmmədzadədə vərəm xəstəliyinin olduğu təsdiqlənsə də, onun məhkəmə iclaslarında qoruyucudan istifadə etməklə iştirakı mümkündür.

Daha sonra təqsirləndirilən Cavid Alxazovun vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən Ramil Əsirov və Abbas Hümmətovun vəkili çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs törətdiyi əməldən peşman olduğunu deyib. O, Ramil Əsirova yüngül cəza verilməsini tələb edib.

Prosesdə dövlət ittihamçısı yenidən çıxış edib. Bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib: “Həmin ildə Cinayət Məcəlləsinin müddəaları hazırkı müddüəlara görə yüngül olduğu üçün təklif edirəm ki, həmin dövürdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın”.

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, Abbas Hümmətovun 14 il 9 ay, Fuad Məmmədzadənin 15 il, Ramil Əsirovun 15 il, Elmir Alxasovun 15 il, Elnur Əsirovun 14 il 9 ay və Cavid Alxasovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Növbəti proses fevralın 2-də davam edəcək.

Xatırladaq ki, Fuad Məmmədzadənin səhhətində yaranan problemlərlə bağlı vəkili tərəfindən stasionar ekspertizanın təyin edilməsi barədə vəsatət verilmişdi. Vəkil onun işinin ayrıca icaaarata götürülməsini istəmişdi.

Qeyd edək ki, bir müddət əvvəl çıxış edən prokuror Fuad Məmmədzadə 20 il, Ramil Əsirov 20 il, Abbas Hümmətovun 19 il 6 ay, Elmir Alxasov 20 il, Elnur Əsirov 18 il və Cavid Alxasova 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasın deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər