6 Fevral 2018 16:43
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Maşallah Əhmədovun həbs edilməsi barədə zərərçəkmişin kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qərarından zərərçəkmiş Yusif Əzizov kasasiya şikayəti verib.

O, qeyd edib ki, külli miqdarda dələduzluq etməkdə suçlanan Maşallah Əhmədovun cəzasının 8 ildən 2 ilə endirilməsi qanunsuzdur. Zərərçəkmiş Maşallah Əhmədovun cəzasının ağırlaşdırılması istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əhmədov və onun vəkillərti apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Maşallah Əhmədovun cəzası 2 ilə endirilib.

Maşallah Əhmədov vurulan ziyandan 11 min manatı birinci instansiya məhkəməsi zamanı, 32 min manatı isə Bakı Apelyasiya Məhkəməsi zamanı ödəyib.

Yusif Əzizov Maşallah Əhmədovdan ümumilikdə 300 min manat tələb edir.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Xatırladaq ki, Maşallah Əhmədov vaxtından əvvəl şərti cəza ilə azadlığa buraxılması ilə bağlı yerli məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilərək çəkilməmiş hissəsi şərti hesab edilib və vaxtından əvvəl azadlığa buraxılıb.

Maşallah Əhmədovun azadlığa buraxılması ilə bağlı apelyasiya şikayəti və protesti verilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər