21 Fevral 2018 12:50
2 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Elnur Həsənov ifadə verib.

O bildirib ki, 8-ci kilometr qəsəbəsində bazarda fəhlə işləyib. Aşıq Namiq Hüseynov və digər şəxslərə qarşı dələduzluq edilməsinin ona heç bir adiyyəti yoxdur: “Zərərçəkmişlərdən təkcə Habil Hənifəyevi tanıyıram. Onunla tanışlığım belə olub. Oturmuşdum, birdən zəng gəldi. O, özünü Habil kimi təqdim etdi. Məndən soruşdu ki, “BestComp Group” firmasının rəhbəridir? Ona həmin şəxs olmadığımı dedim”.

Təqsirləndirilən şəxs bildirib ki, Rəşad Babayevin yanında fəhlə kimi çalışıb: “Rəşad şirkətdən malları götürürdü, mən maşından boşaldırdım. Mənim işim ancaq kompüterləri maşından boşaltmaq olub”.

Elnur Həsənovun sözlərinə görə, “BestComp Group” firmasına daxil olanda qapıları həmin firmanın işçiləri açıb, malları da orada çalışan fəhlələr maşına yükləyib: “Malları sənədlərlə götürürdük. Bir-iki dəfə olub ki, mən təkcə malları firmada işləyən Elşən müəllimdən götürüb aparmışam. Onu da qohumlar istəyəndə edirdim.

Rəşad Babayev şirkətdən götürdüyü malların pulunu verəndə görmüşəm. Ona fəhlə kimi kömək etdiyim üçün Rəşad mənə 20 manat pul verirdi”.

Elnur Həsənov zərərçəkmiş Namiq Hüseynovdan pul almadıqlarını deyib.

Daha sonra ifadə verən digər təqsirləndirilən Rəşad Babayev bildirib ki, “BestComp Group” şirkətində sürücü vəzifəsində çalışıb, hər ay 680 manat əməkhaqqı alıb.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 41 min manat pul götürərək kompüter alqı-satqısı ilə məşğul olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, əlavə gəlirlə birlikdə zərərçəkmişlərə ə 65 min manat qaytarıb. O, digər zərərçəkmiş Habil Hənifəyevdən 53500 manat almadığını deyib.

Qeyd edək ki, zərərçəkmiş Namiq Hüseynov (Aşıq Namiq) təqsirləndirilən şəxsə qarşı 54 min 500 manat məbləğində mülki iddia qaldırıb.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dədələduzluq yolu ilə mənimsəyiblər.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər