Masallı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonda oğurluq törədən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov, Neftçala sakini İsa Quliyev və Abşeron rayonunda yaşayan Əliş Məmmədov fevralın 9-da, gecə saatlarında Masallı rayonu Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqları, fevralın 17-də isə rayon ərazisində “Kamaz” markalı avtomaşından 2 akkumulyator, digər bir təmir sexindən 15 su motoru oğurlayıblar.
Onlar sonrakı 2 gün ərzində gecə saatlarında Masallı rayonu ərazisində daha 3 “Kamaz”dan ümumilikdə 6 akkumulyator söküb aparıblar.
Əməliyyat tədbirləri zamanı onların digər rayonların ərazisindəki oğurluqları da üzə çıxıb.
Fərhad Fərəcov, Xəlil İsmayılov, Əliş Məmmədov və İsa Quliyev Cəlilabad, Neftçala və Salyan ərazisindən oğurluq etdiklərini etiraf ediblər. Həmin rayonların ərazisində 6 “Kamaz”dan 12 akkumlyator oğurladıqlarını və hamısını paytaxt ərazisində satdıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.