1 Mart 2018 12:00
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan iş adamı İlham Qasımovun bacısı oğlu, dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirli və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər.

Zərərçəkmiş qismində ifadə verən Nüşabə Rüstəmova deyib ki, evini 83 min manata sataraq "Real" MTK-dan mənzil alıb: "Şirkətin işçisi Şahinə dedim ki, bax, bu şirkət haqda bəzi sözlər eşitmişəm, problem olmasın. Cavab verdi ki, özün bilirsən, bizim rəhbərimiz həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur. Birlikdə Sahilin yanına getdik, 90 mini orda verdim. İndi 50 min qaytarıblar. Pulu mənə Sahil Çahangirov verib. Saxta yolla mənə guya 75 min ödədikləri barədə sənəd tərtib ediblər. Mən 75 min almamışam".

Zərərçəkmiş təqsirləndirilən Anar Əşrəfovu tanımadığını deyib. O qeyd edib ki, pulun qismən ödənilməsi barədə maliyyə arayışını ona şirkət verib.

Sahil Cahangirli zərərçəkmişı tanımadığını bildirib: "Mən bu zərərçəkmişə rəhbərimizin həbsdə olduğunu deməmişəm. Pulu Şahin alıb, 91 mini mənə verib. Şahin makler idi".

Digər zərərçəkmiş Şahin Əlixanov bildirib ki, Dövlət Sərhəd Xidmətində çalışır: "Atama məxsus evi satıb, daha geniş ev almaq qərarəna gəldim. Bu məqəsədlə internetdə Cəlil adlı maklerlə tanış olduq. Soruşdum ki, ev niyə belə ucuz satılır? Dedi, ucuz beton verilib, ona görə də aşağı qiymətə satılır. Sonra Sahil Cahangirli ilə görüşdüm. O da dedi ki, bu mənzili ucuz satırıq, amma heç bir problemi yoxdur. 110 min manatı Mayıl Səmədova,2 min manat da maklerə verdim. Sonradan mənzillərin problemli olduğunu bildim. Mənə cəmi 80 min manat qaytarılıb".

Daha sonra zərərçəkmiş Sevinc Qurbanova ifadə verib. O bildirib ki, ev alandan bir qədər sonra Korrupsiya İdarəsindən ona zəng gəlib, MTK-da problem yarandığı deyilib: "Mən də MTK-ya getdim. Orada problem olmadığını dedilər. Evi oğlum üçün almışam. Mən evə qapı qoymamışam, indi də təmir etmirəm. Əmin olmaq istəyirəm ki, gələcəkdə həmin evi başqasına satmayacaqlar".

Zərərçəkmiş Tağı Hüseynov bildirib ki, MTK-nın rəhbərləri ilə mənzil almaq üçün razılaşıblar: "İlkin olaraq 2 min manat ödədim. Bu, sənədlərin hazırlanması üçün tələb olunan məbləğ idi. Sonra İradə xanıma 30 min manat verdim. Pulumu alıblar, evi verməyiblər. Dəymiş ziyan ödənilməyib".

Zərərçəkmiş Səbuhi Xəlilovun sözlərinə görə, 2015-ci ildə mənziı almaq üçün MTK ilə müqavilə bağlayıb: "Mənzili almaq üçün əvvəl 100 min manat, sonra 20 min manatı ödədim. Maliyyə arayışı tələb etdim ki, evi təmir edim. Bundan sonra problemlər yaralandı. Məni mənzilə buraxmadılar".

Növbəti proses martın 15-də davam edəcək.

İttihama görə, Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

"Real" MTK-nın rəhbəri İlham Qasımov milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi cəzanı 12 ilə endirib.

İlham Qasımov "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər