8 Mart 2018 17:21
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq, quldurluq və digər cinayətlər törətməkdə ittiham olunan mütəşəkkil dəstənin yeni cinayətləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, istintaq-əməliyyat tədbirləri zamanı dəstə başçısı Novruz Salayevin ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı və Xəzər rayonları ərazilərində silsilə mənzil oğurluqları törətmələri müəyyən edilib.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində aparılan araşdırma zamanı Novruz Salayev, Nurlan Ağayev, Sərhad Əmirov və Mirasəf Kərimlinin ötən ilin noyabr ayından cari ilin fevral ayınadək daha 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, habelə 1 evdən 7000 manat pul oğurlamaları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə Suraxanı və Xəzər rayonları ərazilərində 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar Novruz Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər ifadələrində oğurluqları Novruz Salayevin göstərişi ilə həyata keçirdiklərini etiraf ediblər.

Qeyd edək ki, bu il fevralın əvvəlində keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdə əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança da aşkar olunub.

Onun ifadəsi əsasında dəstə üzvləri - Nurlan Ağayev, Sərhad Əmirov və Mirasəf Kərimli fevralın 18-də həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər