Bakıda əmisi oğlunu qətlə yetirməkdə təqsirli bilinən Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktının elan edib.
İttihama görə, Rəşad İsgəndərov Xəzər rayonunun Türkan qəsəbəsində onunla birlikdə fəhlə işləyən əmisi oğlu, 1988-ci il təvəllüdlü Pərviz İsgəndərovun ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.
Məlum olub ki, əmioğlanları arasında dava söyüş üstündə olub. İki əmioğlu spirtli içkinin təsirindən bir-birini söyübr. Bundan sonda Rəşad İsgəndərov əmisi oğlunu öldürüb.
İstintaq orqanı Rəşad İsgəndərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edib.
Rəşad İsgəndərov özünü ittiham üzdə tam təqsirli bilib. O, deyib ki, yaşadıqları Şəki rayonundan əmisi oğlu Pərvizlə paytaxta işləməyə gəlib. Bakıda əmisi oğlu ilə birlikdə fəhləlik edərək pul qazanıblar: “Fəhləliklə ailəmizi dolandırırdıq. Hadisə baş verən günü nahar fasiləsində Pərvizlə spirtli içki içdik. İçkinin təsirindən hər ikimiz sərxoş olduq. Bu zaman aramızda mübahisə düşdü. Mübahisəyə səbəb Pərvizin “mənim sənə çox xeyrim dəyib” deməsi oldu. Həm də mənə söyüş söydü. Nar doğramaq üçün götürdüyüm bıçaqla onu vurdum”.
Rəşad İsgəndərov qeyd edib ki, əmisi oğlunu vuran zaman özündə olmayıb: “Pərvizi vurandan sonra birdən özümə gəldim. Tez yaxınlıqda olan Füzuliyə dedim ki, təcili yardım çağırsın. Təcili yardım gələnə kimi Pərviz öldü”.
Polislər tərəfindən həmin vaxt saxlanıldığını deyən Rəşad İsgəndərov əməlindən peşman olduğunu bildirib.
Daha sonra ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Məzahir İsgəndərov bildirib ki, Pərviz onun oğludur. O, qardaşı oğlunu bağışladığını, ondan şikayətçi olmadığını deyib.
Növbəti proses martın 29-da davam edəcək.