14 Mart 13:09

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Rəcəb Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən il iyunun 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov tutulub.

Rəcəb Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə ifadə verən Rəcəb Məmmədov bildirib ki, hadisədən əvvəl içkili olub: “Kristina, Mixail və Fərhadla bir yerdə kafeyə getdik. Onlar içdi, mən içmədim. Çünki gündüz içki içmişdim. Sonra evə gəldik. Gecə rəhmətlik Fərhad məndən pul istədi. Mən də vermədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Səsimizə qonşular gəldi. Bir qədər keçəndən sonra sakitləşdik, mən yerimə uzanmışdım.

Gözümü açanda hər yer qan içində idi. Polisə zəng edib, evimdə meyit olduğunu söylədim. Amma kim tərəfindən öldürüldüyünü bilmədim. Polislər gəldi, heç onun meyitinə də əl vurmamışdım”.


Müəllif: Hacı Zeynalov
Загрузка...