Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı poçt şöbəsi və mağazadan, həmçinin yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı polisə müraciət edilib.
Əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib. Həmin şəxslər saxlanılıb.
Saxlanıldıqdan sonra onların Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olub.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyatla qonşusunun evindən məişət əşyalarını oğurlayan Xırmandalı kənd sakini Astan Əzizov saxlanılıb.
O, törətdiyi əməli etiraf edib və qonşusunun evdə olmadığını bildiyi üçün evə daxil olduğunu, oradan televizor və xalça oğurladığını deyib.
Faktlarla bağlı cinayət işi başlanıb.