2 Aprel 2018 17:35
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rəhim Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin psixoloji problemləri olub. Onun sözlərinə görə, hadisə zamanı Rəhim Rəhimov sarsıntı keçirərək yol kənarında oturaraq ağlayıb. Vəkil çıxışı zamanı vəsatət verərək, müdafiə etdiyi şəxsin barəsində ekspertiza təyin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Rəhim Rəhimovun müdafiəsinə daha bir vəkilin qoşulduğu məlum olub. Vəkil Novruz Əliyev Rəhim Rəhimovun ailə üzvləri ilə müqvilə bağlamasına dair ordeni məhkəməyə təqdim edib.

Vəkil məhkəmədən bir neçə gün vaxt istəyərək sadəcə protokol və sənədlərlə tanış olmaq istədiyini deyib. Hakim bildirib ki, əgər yeni vəkil işə qəbul edilibsə, cinayət işi üzrə məhkəmə istintaqı yenilənməlidir. Hakimin sözlərinə görə, bu isə prosesin uzanmasına səbəb olacaq.

Rəhim Rəhimovun digər iki vəkili də yeni müdafiəçinin işə qoşulmasını istəyiblər. Hakimlər yeni vəkilin prosesdə iştirak etməsi barədə qərar qəbul ediblər. Növbəti proses aprelin 5-də davam edəcək.

Qeyd edək ki, ötən iclasda çıxış edən prokuror Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror həmçinin onun 4 il müddətinə sürücülük hüququndan məhrum edilməsini istəyib.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər