Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 42-ci polis şöbəsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.
Əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.
Əminağa Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib.
Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 12 metr dərinliyində olan quyudan sandıqçasında 20 ədəd patron olan “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
42-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib.
Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zamanı torpağa basdırılan “Karabin” markalı yivli tüfəng, “Makarov” markalı tapança, 2 ədəd F-1 əl qumbarası və alışqanı, 1 ədəd “AK 74” avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı toplanan material araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.